Kiprin dövlət quruluşu - 1960-cı ildə qəbul edilmiş Konstitusiyayaəsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
Kipr Respublikası əhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1960) 16 avqustda qeyd olunur. Ölkə Konstitusiyası 16 avqust 1960-cı ildən qüvvədədir.
(1983-cü ildə Kipr adasının Türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumudur. Şimali Kipr Türk Respublikası 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.
Adanın üçdə bir hissəsinə nəzarət edən Şimali Kipr Türk Respublikasısı dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər rəsmən tanımaq istəməsələr də, onlardan bir çoxu Şimali Kipr Türk Respublikası ilə qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar).
İnzibati bölgüsü
33 bələdiyyəni (icma) birləşdirən Nikosiya (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Kireneya (Şimali Kipr Türk Respublikasının böyük hissəsi), Larnaka (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Limasol, Pafos və Famaqusta (Şimali Kipr Türk Respublikasının tam hissəsi) rayonlarına (eparxiya) bölünür .
Dövlət başçısı
Ümumxalq səsverməsi yolu ilə, 5 il müddətinə seçilən Prezident dövlət və hökumət başçısıdır. Prezident icra hakimiyyətini Nazirlər Şurasının vasitəsi ilə həyata keçirir. Dövlət başçısının səlahiyyəti dövlət siyasətinin mühüm məsələləri ilə bağlı vitse-prezidentə (münaqişə ilə əlaqədar olaraq vakant yerdir) veto hüququ verməklə məhdudlaşır.
Üzvləri (nazirlər) Nümayəndələr Palatasında seçilən Kipr Hökuməti İcra hakimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
Qanunverici hakimiyyət
Bir palatalı Nümayəndələr Palatasıdır. Parlamentin 59 üzvündən 56-sı proporsional nümayəndəlik sistemi üzrə partiya siyahıları ilə, etnik azlıqları təmsil edən digər üç nəfər isə müşahidəçi üzv qismində 5 il müddətinə seçilir. Ölkədəki siyasi situasiya ilə əlaqədar olaraq Türk icması üçün nəzərdə tutulmuş 24 yer 1964-cü ildən açıq qalır.
Qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası, Nazirlər Şurasının fəaliyyətinə ümumi nəzarət və Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm funksiyalar bilavasitə Nümayəndələr Palatasının səlahiyyətlərinə aiddir.
Məhkəmə hakimiyyəti
Ölkədə məhkəmə hakimiyyəti, ən yüksək apelyasiya instansiyası sayılan Ali Məhkəmə, həmçinin hərbi, əmək, ailə, nəzarət və s. məsələlər üzrə ixtisaslaşmış dairə məhkəmələri tərəfindən həyata keçirilir.