Antalya bir sıra özəlliklərinə görə hər il dünyada milyonlarla turisti özünə cəlb edir. Günəş qoynunda, saf Aralıq dənizi sahili boyunca sıralanan gözəl otellərdə istirahət il boyu insanda unudulmaz təəssüratlar yaradır.Burda müxtəlif qiymətə, müxtəlif ulduzlu otellər seçmək imkanı var. “Hər şey daxil” sistemi ilə fəaliyyət göstərən müxtəlif ulduzlu otellərdə dincəlməklə yanaşı tətil zamanı müxtəlif turlarda iştirak edərək istirahəti daha da maraqlı etmək olar. Türk gecəsi, rafting, diving, parasaling, safari, piknik, akvapark, delfinariya və s. kimi turlara qoşulmaq mümkündür. Əgər siz təmiz cimərlik, ailə ilə, uşağınızla sakit mühit istəyirsinizsə “Hər şey daxil” sistemini seçməyə də bilərsiniz.Ən böyük akvaparkları ilə seçilən Antaliyada ən azı bir gün keçirməyə dəyər.
Kəmər Türkiyənin ən önəmli turizm mərkəzlərindən biridir. Kəməri cazibədar edən onun təbii gözəlliyidir. Dəniz, meşə və dağlar bir nöqtədə birləşir. Dənizin aydınlığı, meşənin yaşıllığı, dəniz dalğalarının şam ağaclarına qədər uzanması və şam ağaclarının çimərliklərdə kölgəlik olaraq istifadə edilməsi olduqca cazibədar görünür. Beldibidən başlayaraq Tekirovaya qədər olan bütün sahil tamamilə təbii çimərlikdir. Kəmər ailə və uşaqlarla istirahət üçün ideal yerdir. Olympos Andıq Şəhəri, Chimera (Yanar daş), Adrasan, Üç Adalar, Göynük Kanyonu, Əkiz Kayalar, Ekopark, Ulupınar və Səlcuqlu Av Köşkü Kəmər ətrafındakı görülməsi lazım olan yerlərdir.
Alanya Aralıq dənizinin sahilində kiçik bir yarımada şəklindədir. Şimalında Toros dağları uzanır. Alanya tarix boyunca Roma, Bizans, Səlcuqlu və Osmanlı kimi imperatorluqlar üçün Aralıq dənizində əhəmiyyətli bir qala vəzifəsi görmüşdür. Səlcuq dövründə I Alaəddin Keyqubadın rəhbərliyi altındakı bu bölgə geosiyasi bir əhəmiyyət qazanmışdır. Şəhərin bugünkü simvollarından Qırmızı Qüllə, liman və Alanya Qalası o dövrə təsadüf edir.Alaniyanın qışı ilıq, yazı isə istidir. Turizm baxımından Türkiyədə doqquzuncu, xaricilərin Türkiyədə mülk alması sıyahısında isə otuzuncu yerdədir.Əgər uşaqlarla istirahət etmək istəyirsinizsə “Avsallar” bölgəsini seçməniz məsləhətdir.
Bələkdə istirahət qiymətləri Antaliya və Kəmərdən bir qədər baha olsa da təlabat yüksəkdir. Burda təmiz çimərlik, sakit atmosfer, otel klubları mövcuddur. Çılgın klub və bar həvəskarı olan gənclər üçün bura o qədər də maraqlı deyil. Uşaqlı ailələrə, müalicəvi spa prosedurlarını sevənlərə, həmçinin qolf və at çapanlara görə Bələk ən uyğun istirahət zonasıdır. Çimərliklər əsasən qumlu olduğundan dənizə girmək çox keyflidir. Amma çimərliyin özündə kiçik çınqıllar ola bilər, odur ki, uşaqlarla birlikdə istirahət edəcəksinizsə otel seçimində daha diqqətli olmanız tövsiyyə olunur.
Marmaris beynəlxalq klub həyatı və gənclərin şən istirahət məkanı kimi tanınır. Burda Ege və Aralıq dənizində dalğıclar üçün onlarla maraqlı yerlər var. Şəkil çəkdirməyi sevənlər sahillərə bağlanan yaxtalarından və zəngin təbiəti olan Marmarisin mənzərəli görnüşündən yararlana bilərlər. Nisbətən yaşlı nəsil sakit olmağı ilə yanaşı şəfalı havası və müalicəvi mərkəzləri olan “İçmələr” qəsəbəsini seçir. Marmarisin gecə klublarına rahatlıqla getmək mümkün olan, sakit romantikanı sevənlər isə adətən “Turniç”i seçir.